Xaricdə təhsil dövlət proqramları üçün necə müraciət etmək olar?
Ölkə gənclərinin həmçinin cəmiyyətimizin prespektivli gələcəyi üçün hər il dövlətimiz tərəfindən müxtəlif tədbirlər planı həyata keçirilir. Onlardan biri də xaricdə təhsil üzrə dövlət proqramıdır. Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilib. Bu proqram xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi meyarlarını və prosedurlarını özündə ehtiva edir. Sözügedən proqramın həyata keçirilməsinin əsas məqsədi gənclərin müasir tələblərə uyğunlaşan və ölkədə karyera bazarında böyük uğurlara imza atacaq peşəkar kadrlar olaraq yetişdirilməsidir. Eyni zamanda qəbul olan namizədlərin xərcləri dövlət tərindən qarşılanır. Gəlin, müvafiq dövlət proqramı barəsində daha ətraflı məlumatlarla tanış olaq.
Xaricdə təhsil üzrə dövlət proqramında tələbələrin hansı xərcləri qarşılanır?
Xaricdə təhsil üzrə dövlət proqramı iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri özündə ehtiva edir:
- təhsil xərcləri;
- viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
- aylıq yaşayış xərcləri;
- tibbi sığorta xərcləri;
- beynəlxalq nəqliyyat xərcləri;
- bank və plastik kart xərcləri.
Xaricdə təhsil üzrə dövlət proqramı hansı ixtisasları əhatə edir?
Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Yeni siyahı aşağıdakı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 194 ali təhsil müəssisəsində ümumilikdə 4156 təhsil proqramını (595-i bakalavriat, 3561-i magistratura olmaqla) əhatə edir:
- informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- təhsil;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
- nəqliyyat və logistika;
- energetika;
- iqtisadiyyat;
- maliyyə;
- arxitektura və dizayn;
- kənd təsərrüfatı.
Sözügedən siyahıda prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin beynəlxalq reytinq sistemlərində ilk onluğa (ixtisas reytinqi nəzərə alınmır) daxil olmuş ali təhsil müəssisələri tərəfindən təqdim edilən bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.
Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.
Bakalavr təhsil pilləsi üzrə hansı namizədlərin müraciətləri qəbul olunur?
• Namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;
• Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
• Namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
• Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
• Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması.
Magistratura təhsil pilləsi üzrə hansı namizədlərin müraciətləri qəbul olunur?
• Namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
• Namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
• Namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
• Namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
• Namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması).
Bakalavr səviyyəsi üçün hansı sənədlər tələb olunur?
- Ümumitəhsil müəssisələrinin buraxılış sinfində təhsil aldığına dair arayış və ya tam orta təhsil haqqında attestatın surəti;
- Qəbul sənədi – ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi;
- Beynəlxalq səviyyəli dil sertifikatının surəti;
- Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış;
- DİM qəbul imtahanının nəticəsi;
- Sağlamlıq haqqında arayış,(Sağlamlıq haqqında arayışın forması AZS-086/1);
- Olduğu təqdirdə, beynəlxalq təhsil proqramının (IB, Alevel, AP) göstəricisini təsdiq edən arayışın surəti;
- Əgər müraciət edən şəxs beynəlxalq olimpiada qalibidirsə, bunu (bürünc, gümüş, qızıl) təsdiq edən sənədin surəti;
- Beynəlxalq səviyyədə tanınan imtahan (SAT/ACT) göstəricisini təsdiq edən arayışın surəti.
Magistratura səviyyəsi üçün hansı sənədlər lazımdır?
- Bakalavr diplomunun surəti/hazırda sonuncu tədris ilində təhsil aldığını sübut edən müvafiq arayış;
- Bakalavr təhsili xarici universitetdə alındığı təqdirdə, xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamə;
- Qəbul sənədi – ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi;
- Tövsiyə məktubları – ən azı 2 ədəd;
- Beynəlxalq səviyyəli dil sertifikatının surəti;
- Transkriptin surəti – ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) göstərilməklə;
- Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış;
- Sağlamlıq haqqında arayış, (Sağlamlıq haqqında arayışın forması AZS-086/1);
- Əgər müraciətçi “Yüksəliş” müsabiqəsinin qalibidirsə, o zaman tələbə bunu təsdiq edən sənədin surətini təqdim etməlidir.
- “Yüksəliş müsabiqəsi”nin qalibi olmuş namizədlər ÜOMG tələbindən və müsahibə mərhələsindən azaddır.
Xaricdə təhsil üzrə dövlət proqramına necə müraciət etmək olar?
Proqrama müraciətlər elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Müraciət etmək üçün isə bu linkə daxil ola bilərsiniz. Bundan başqa, elektron ərizəni doldurmazdan öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur. Namizədlər müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləyə bilərlər. Qeyd edək ki, bu proqramdan yararlanan tələbələrdən təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq 5 il ərzində ölkənin karyera bazarında yer alan müxtəlif qurumlarda çalışmaları tələb olunur.
Seçim mərhələsi necə həyata keçirilir?
Namizədlərin seçimi iki mərhələdən ibarət olur. İlkin mərhələdə namizədlər tələb olunan sənədləri rəsmi veb-səhifə üzərindən elekron ərizəni dolduraraq və tələb olunan sənədlərin skan edilmiş surətini əlavə edərək elektron ərizəni təsdiq etməlidir. Birinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunur.
Xaricdə təhsil üzrə dövlət proqramının hansı üstünlükləri var?Xaricdə təhsil üzrə dövlət proqramı tələbələrin ən nüfuzlu universitetlərdə dövlət dəstəyi ilə maliyyəşdirilərək təhsil almalarını təmin edir. Tələbələr qabaqcıl ali təhsil ocaqlarının diplomları ilə ölkəmizdə uğurlu karyera qurmaq imkanları qazanır. Həmçinin təhsil müddəti ərzində geniş təcrübə, bilik və bacarıqlar həmçinin yeni xarici dostlar qazanmaq şansı da onları gözləyir.