Xaricdə Təhsil

Xaricdə təhsil almaq üçün hansı fürsətlər var? – Burslar, təqaüdlər, dövlət proqramları və s

Tələbəlik illəri həyatımızın enerji dolu gənclik dövrünə təsadüf edir. İnsan bu zamanlarda dünyanı, ətrafı kəşf etməyə, yeni bacarıqlar, təcrübələr qazanmağa meyilli olur. Eyni zamanda bu illərdə qazandığımız bütün xatirələr bir ömür bizimlə birgə addımlayır. Buna görə, bu illəri maksimum şəkildə faydalı keçirmək, gələcək üçün hədəflər müəyyənləşdirib ona uyğun qərarlar vermək, əzmlə çalışmaq həm də gəncliyin zövqünü çıxarmaq önəmlidir. Son dövrlər gənclər arasında xaricdə təhsil almaq, fərqli ölkələrdə uğurlu karyeraya başlamaq vacib faktora çevrilib. Eyni zamanda karyera bazarının sürətlə inkişaf etdiyini, namizədlərdən tələb olunan bilik və bacarıqların müasir standartlara uyğunlaşmasını nəzərə alsaq müxtəlif ölkələrin təhsil təcrübələrindən yararlanmaq olduqca əhəmiyyətlidir. Ümumiyyətlə bəzən başqa bir ölkənin mədəniyyəti, təbiəti, yaşayış tərzi və s. bizim zövqlərimizə, xarakterimizə daha uyğun olur. İstənilən halda hər hansısa səbəblərdən dolayı xaricdə təhsil almaq xəyalı olan hər bir gəncin bu şansı mütləq şəkildə dəyərləndirməsində fayda var. Odur ki, biz də öz növbəmizdə müvafiq mövzunun əhəmiyyətini nəzərə alaraq gənclərimiz üçün xaricdə təhsillə bağlı növbəti faydalı araşdırma məqaləmizi təqdim edirik. 

Xaricdə təhsil almağın hansı formaları var?

Hazırda ölkəmizdə gənclər arzuladıqları yaxud günün tələblərinə uyğun ixtisaslara müxtəlif ölkələrin nüfuzlu universitetlərində yiyələnə bilər. Dünya ölkələrinin tələbə mübadiləsi proqramlarına göstərdikləri maraq sayəsində gənclər inanılmaz fürsətlər qazanır. Bəs xaricdə təhsil almağın hansı formaları var? Gəlin, birgə nəzərdən keçirək.

Ölkə sərhədlərindən kənarda universitet həyatı yaşamaq istəyən bütün namizədlər üçün istənilən təhsil pilləsi (bakalavr, magistratura) üzrə tələbə adını qazanmaq imkanları yaradılır. Həmin fürsətləri aşağıdakı kimi qruplaşdıra bilərik.

  • Tək attestatla imtahansız təhsil
  • Burslu təhsil
  • Xaricdə təhsil dövlət proqramı vasitəsi ilə

Tək attestatla xaricdə necə təhsil almaq olar?

Aramızda olduqca savadlı, bacarıqlı yüzlərlə gənc var. Bəzən tab gətirə bilmədiyimiz həyəcan, stres hissi qəbul imtahanlarında özümüzü lazımi şəkildə təqdim etməyimizə mane olur. Ancaq bu və ya digər səbəblərdən dolayı öz xəyallarımızdan imtina etmək ədalətli olmaz. Bu zaman yararlana biləcəyiniz şanslardan biri tək attestatla tələbə adını qazanmaq fürsətidir. Qeyd edək ki, bu formada qəbul aldığınız zaman arzuladığınız ixtisasları seçə bilərsiniz. Həmçinin günümüzdə artıq dünya ölkələrinin ali təhsil ocaqlarının əksəriyyəti tələbələrin qəbul formasından asılı olmayaraq onları beynəlxalq diplomlarla təmin edir. Yəni ki, sadəcə attestatla tələbə adını qazandığınız halda belə istər keçirilən dərslər baxımından istərsə də digər mənalarda sizinlə digər tələbələr arasında heç bir fərq qoyulmur. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, seçilən universitetlərdən asılı olaraq, namizədlərdən bəzi imtahan və ya dil nəticələri tələb oluna bilər. Həmin imtahan formaları aşağıdakı kimidir.

YÖS – Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin yalnız bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İmtahanın nəticəsindən asılı olaraq tibb, mühəndislik, memarlıq, hüquq, əczaçılıq, psixologiya və müəllimlik kimi bir çox ixtisaslarda təhsil almaq mümkündür. YÖS imtahanı adətən 80 sualı əhatə edir. Dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablamaq tələb olunur. Bəzi universitetlər YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

İELTS – International English Language Testing System – Beynəlxalq İngilis Dili İmtahanı Sistemi – namizədlərin ingilis dili biliklərini yoxlayan beynəlxalq imtahan növüdür. Dünyanın əksər ali təhsil ocaqları tərəfindən daha çox bu imtahanın sertifikatı tələb olunur. İmtahan zamanı namizədlərin, oxumaq, danışmaq, yazmaq və anlamaq bacarıqları yoxlanılır. İmtahan nəticəsi iki il ərzində keçərli olur. Topladığınız bal Avropanın, Amerikanın, Türkiyənin nüfuzlu universitetlərində təhsil almağınızı təmin edir.

TOFEL – Test of English as a Foreign Language İELTS imtahanları ilə oxşar olsa da, strukturu bir qədər fərqli olan bu imtahan növündə namizədlərin ingilis dili biliyi yoxlanılır. İmtahan nəticəsiylə Türkiyə, Avropa və Amerikada təhsil almaq mümkündür. Bu imtahanda ingilis dilində oxumaq, qulaq asmaq, danışıqmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları aralığında olur.

SAT –  (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən namizədlər arasında populyarlaşan imtahan növüdür. Eyni zamanda nüfuzlu Türkiyə universitetlərinə həmçinin ölkəmizdə ADA universitetinə qəbul olmaq üçün keçərli hesab olunur. İlkin mərhələdə “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarət test suallarını cavablamağınız tələb olunur. Əgər seçiminiz Amerikada təhsil almaqdırsa hər üç bölməninin suallarını cavablamalısınız. Ancaq Türkiyə universitetlərinə qəbul zamanı isə ilk iki bölmənin suallarını cavablamaq kifayətdir. Daha sonra İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin kimi fənnlərdən birini seçib sualları cavablayaraq imtahan prosesini yekunlaşdırırsınız. Fənn seçimini isə müraciət edəcəyiniz universitetin tələblərinə uyğunlaşdırmağınız önəmlidir. SAT imtahanı ildə 7 dəfə təqribən hər iki aydan bir keçirilir. İmtahana qeydiyyat üçün (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz.

GRE – Graduate Record Examination – beynəlxalq imtahanı qabaqcıl universitetlərdə magistr, MBA və doktorantura təhsili almaq istəyən tələbələr üçün həyata keçirilir. Burada namizədlərin şifahi və kəmiyyət əsaslı düşünmə (verbal and quantitative reasoning) və analitik yazı bacarığı (analytical writing skills) sınaqdan keçirilir. Amerika universtetlərində təqüdlü təhsil almaq istəyənlər üçün bu imtahan üzrə nəticələr olduqca əhəmiyyətlidir.

GMAT – Graduate Management Admission Test – Amerika, Kanada, Avstraliya, Avropa və Türkiyənin nüfuzlu universitetlərinə qəbul olmaq üçün uğurlu seçimlərdən biridir. Əksər universitetlər magistratura təhsili üzrə bu imtahan növünün nəticəsinə önəm verir. İmtahan “Analytical Writing Assessment” (analitik yazı bacarıqları)”, “Integrated Reasoning” (məntiqi düşüncə), “Quantitative” (cəbr və həndəsə bilikləri) və “Verbal”  (Oxuyub-anlama və cümlə düzəltmə bacarıqları) olmaqla dörd hissədən ibarətdir.

Yuxarda qeyd olunan imtahanlar ümumilikdə bütün namizədlər üçün keçərli olan ən populyar imtahan növləridir. Ayrı-ayrı ölkələrdə tibb, hüquq, mühəndislik və s. kimi spefik ixtisaslar üçün xüsusi imtahan növləri tətbiq olunur ki, onlara da müraciət etmək mümkündür. Bunun üçün təhsil almaq istədiyiniz ölkələrin təhsil saytlarını araşdırmaq lazımdır. Yaxud xaricdə təhsil xidmətləri təklif edən şirkətlərə müraciət edə bilərsiniz. 

Ümumilikdə bu kimi beynəlxalq imtahanlar sayəsində təqaüd əldə etmək fürsəti də mümkündür. Beləliklə, əgər tək attestatla xaricdə təhsil almaq həm də təqaüdlərdən yararlanmaq istəyirsinizsə şansınızı yoxlamağa dəyər. Eyni zamanda arzuladığınız bütün ixtisaslar üzrə əyani, qiyabi, distant təhsil formalarını seçə bilərsiniz.

Tək attestatla hansı ölkələrdə təhsil almaq olar?

Hazırda bir çox dünya ölkələri sadəcə attestat sənədiylə gənclər üçün xaricdə təhsil almaq fürsəti yaradır. Həmin ölkələr siyahısına Polşa, İtaliya, Ukrayna, Gürcüstan, Türkiyə, Litva, Latviya, Macarıstan və s. kimi dövlətlər daxildir. 

Tək attestatla xaricdə təhsil almaq üçün hansı sənədlər tələb olunur?

  • Məktəbdən arayış və ya attestat
  • Xarici pasport 
  • Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri) 
  • 3×4-ə şəkil

Bursla xaricdə təshil almağın hansı formaları var?

Burslu təhsil almaq fürsətini qazanmaq üçün hər il minlərlə tələbə mübarizə aparır. Fərqli bir ölkədə yeni həyata başlamaq şansı hamının ən böyük xəyallarından biridir desək yanılmarıq. Üstəlik arzuladığımız ixtisaslarda, universitetlərdə, şəhərlərdə tələbə adını qazanmaq kimi hədəfə çatanda özümüzü daha inamlı və cəsarətli hiss edərik. Mövzunun aktuallığını nəzərə alaraq sizin üçün burslu təhsil qazanmağın yollarından danışacağıq. İlk olaraq təhsil almaq istədiyiniz ölkəni, universiteti, ixtisası dəqiqləşdirməyiniz önəmlidir. Çünkü bu seçimləri etdikdən sonra sizə ən uyğun olan burs proqramlarını axtarıb tapa bilərsiniz. Bəs gəlin görək, xaricdə təhsil almaq üçün hansı təqaüd proqramları mövcuddur?

  • Visegrad təqaüd proqramı

Visegrad təqaüd proqramı Polşa , Slovakiya, Çexiya və Macarıstanda magistr təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. Proqram illik təhsil haqqını qarşılamaq üçün tələbələri hər smestr 1500 avro və 2500 avro məbləğində stipendiya ilə təmin edir. Təqüd proqramına müraciət zamanı isə ingilis dili biliyi tələb olunmur.

  • Fulbright Təqaüdü (Amerika Birləşmiş Ştatları)

Fulbright təqaüd proqramı ABŞ hökuməti ilə 155 ölkə arasında həyata keçirilən beynəlxalq mübadilə təqaüd proqramıdır. ABŞ-da magistr və ya PhD proqramına daxil olmaq istəyən əcnəbi tələbələr üçün nəzərə tutulub. Bu təqaüd təhsil haqqını, dərslikləri, aviabiletləri, tibbi sığortanı və yaşayış xərclərini əhatə edir.

  • DAAD təqaüd proqramı (Almaniya)

DAAD təqaüd proqramı Almaniyanın 250-dən çox universitetində təhsil almaq imkanı yaradır. İkinci və üçüncü kursda təhsil alan bakalavr tələbələri, həmçinin birinci kurs magistr tələbələri bu proqramdan yararlana bilər. Proqramı uğurla tamamlayan namizədlərə birdəfəlik təqaüdlər ödənilir. Bu təqaüd proqramında iştirak etmək üçün alman dili üzrə minimum A2 səviyyəsi tələb olunur.

Türkiyə bursları tələbələrin təhsil, yataqxana, sığorta, aviabilet xərclərini qarşılayır. Bakalavr təhsili üçün 21 yaşdan aşağı, magistr təhsili üçün isə 30 yaşdan aşağı , doktorantura təhsili üçün isə 35 yaşdan aşağı olan namizədlər müraciət edə bilər. Qəbullar zamanı qiymət ortalamasının yüksək olması üstünlük hesab olunur.

  • ERASMUS proqramı

ERASMUS proqramı European Region Action Scheme for the Mobility of University Students bakalavr və digər təhsil pillələri üzrə təhsil almaq istəyən tələbələri, xaricdə yaşamaq istəyən və ya müxtəlif təcrübə proqramlarında iştirak etmək istəyən gəncləri özündə birləşdirir. Proqram çərççivəsində tələbələrin aviabilet xərcləri qarşılanır. Həmçinin yaşayış xərcləri üçün onlara təqaüdlər verilir. ERASMUS proqramının 3 növü var: ERASMUS Exchange (mübadilə – bakalavr, magistr və doktorantura təhsili almaq istəyən gənclər üçün),  ERASMUS mundus (magistr və doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən tələbələr üçün) və  ERASMUS təcrübə (karyera inkişafı üçün müxtəlif təlim və seminarlarda iştirak etmək).

  • Chevening Təqaüdləri (Böyük Britaniya)

Chevening Təqaüdləri Böyük Britaniyanın əsas beynəlxalq təqaüd proqramıdır. Hər il aspirantura təhsilini davam etdirmək istəyən 130-dan çox ölkədən gələn tələbələrin təhsil almaq prosedurları dövlət tərəfindən maliyyələşdirilir. Sözügedən təqaüd proqramı təhsil haqlarını, aylıq müavinətləri, bəzi birdəfəlik müavinətləri və səyahət xərclərini əhatə edir.

  • Endeavour təqaüdləri (Avstriya)

Endeavour təqaüdləri Amerika, Avropa, Karib dənizi, Yaxın Şərq, Asiya və Sakit Okean ölkələrindən olan beynəlxalq tələbələrə tam maliyyə dəstəyi verir. Təqaüdlər maksimum iki illik magistratura və 4 illik doktorantura proqramlarını əhatə edir. Təqaüd proqramı təhsil haqlarını, səyahət xərclərini, aylıq müavinətləri, sağlamlıq və səyahət sığortasını özündə cəmləşdirir.

  • Eiffel Excellence təqaüd proqramı (Fransa)

Eiffel Excellence təqaüd proqramı əcnəbi tələbələri Fransa universitetlərində magistratura və doktorantura proqramlarında iştirak etməyə təşviq etmək məqsədi ilə tətbiq olunur. Bu təqaüd proqramından faydalanan tələbələr aylıq müavinət əldə edir ki, ancaq bu təqaüd təhsil haqqını əhatə etmir. Eyni zamanda, səyahət xərcləri, tibbi sığorta və mədəni fəaliyyətlər kimi müxtəlif digər xərclər sözügedən təqaüd proqramı tərəfindən maliyyələşdirilir.

  • Gates Cambridge təqaüdləri (Böyük Britaniya)

Gates Cambridge təqaüdləri bütün beynəlxalq tələbələr üçün nəzərdə tutulan ən nüfuzlu təqaüdlərdəndir. Aspirantura təhsili və istənilən sahədə tədqiqat aparan tələbələr üçün təhsil haqqları, texniki xidmət haqqı və aviabilet kimi xərclər maliyyələşdirilir.

  • Tsinghua Universiteti Schwarzman Təqaüdləri (Çin)

Müasir dövrün tələblərinə uyğunlaşan liderlərin gələcək nəslini yetişdirmək üçün verilən Schwarzman Təqaüdləri 21-ci əsrin geosiyasi mənzərəsinə cavab verən ilk təqaüddür. Proqram dünyanın ən zəhmətkeş və talantlı tələbələrinə Tsinghua Universitetində bir illik magistr dərəcəsi üzrə liderlik qabiliyyətlərini inkişaf etdirmək imkanı təqdim edir. Bu təqaüd çərçivəsində tələbələrin təhsil haqqı, tədris ilinin əvvəlində və sonunda Pekinə gediş-gəliş bileti, yataqxana, ölkədaxili təhsil turu, dərslik xərcləri qarşılanır. Həmçinin bu maliyyə proqramına Lenovo noutbuku və smartfonu, tibbi sığorta və digər cüzi şəxsi xərclər də daxildir.

Yuxarda adları çəkilən təqaüd proqramları xaricdə təhsil almaq istəyən gənclər üçün faydalı hesab olunan beynəlxalq layihələrdir. Bunlarla yanaşı müxtəlif ölkələrdə tətbiq olunan bir çox başqa proqramlar da mövcuddur. 

Xaricdə təhsil almaq üçün Dövlət proqramından necə yararlanmaq olar?

Xaricdə təhsil almaq istəyən gənclər üçün növbəti fürsət dövlət proqramıdır. Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilib. Bu proqram xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi meyarlarını və prosedurlarını özündə ehtiva edir. Hazırda 2022-2026-cı illəri əhatə edən proqram tam təqaüd verir və təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılayır. Proqram haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

Back to top button
Close